- Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.
Qeyd: 2018-ci ilin sentyabrın 1-dək verilən (elektron daşıyıcısı olmayan) şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
- Vətəndaş elektron daşıyıcısı olmayan etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin yeni şəxsiyyət vəsiqəsinə dəyişdirilməsi üçün müraciət edə bilər.
- Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə aşağıdakı sənədlər tələb edilir:
- şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə);
- şəxsiyyət vəsiqəsi;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- vətəndaşın adı, soyadı, atasınin adı, ailə vəziyyəti dəyişdikdə qeyd olunanlardan əlavə- doğum haqqında şəhadətnamə, nigahın bağlanması və ya pozulması haqqında şəhadətnamə ;
Şəxsiyyət vəsiqəsi vətəndaşın "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği:
- 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat; 15 yaşınadək uşaqlara 5 manat:
- 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 50 manat; 15 yaşınadək uşaqlara 25 manat:
- 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 70 manat; 15 yaşınadək uşaqlara 30 manat: