Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (Əsasnaməyə 1 nömrəli əlavə);
- vətəndaşın doğum haqqında şəhadətnaməsi;
- "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
- vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
- çağırışçılar və hərbi vəzifəlilər üçün təhkim şəhadətnaməsi və ya hərbi bilet;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.
Qeyd: 15 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayandələri ilə birgə müraciət etməlidirlər.