Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

18 yaşınadək vətəndaşlara ümumvətəndaş pasportunun verilmə qaydaları

1 Sentyabr 2013-cü il tarixində qəbul olunmuş qaydalara əsasən 18 yaşınadək vətəndaşlara da digər ölkələrə getmək üçün ayrıca ümumvətəndaş pasportu verilir. Uşaqlar üçün ümumvətəndaş pasportu almaq məqsədi ilə müraciət edərkən aşağıdakı sənədlər təqdim olunmalıdır: 

  • Vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • Vətəndaşın doğum haqqında şəhadətnaməsi;
  • Hər iki valideynin şəxsiyyət vəsiqələri;
  • Hər iki valideynin razılığı.

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə  həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

  • Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
  • Təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyidə təqdim olunmalıdır);
  • Qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. 18 yaşı tamam olmamış vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərin birinin razılığı olmadıqda, 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
 
18 yaşı tamam olmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayışı olduqda, həmin valideynin razılığı tələb edilmir. Qeyd olunan sənədlərlə birgə digər valideynin notarial qaydasında təsdiq edilmiş razılığını təqdim edən 18 yaşı tamam olmamış vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün 1 illik, 1-3 yaşlı uşaqlar üçün 3 illik, 3-18 yaşlı vətəndaşlara 5 illik müddətə verilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşına çatmayan şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:  1 yaşınadək uşaqlara verilən pasportun etibarlılıq müddəti 1 ildir və dövlət rüsumları belədir: 

  • 10 iş gününə – 15 manat;
  • 5 iş gününə – 25 manat;
  • 1 iş gününə – 55 manat.

1-3 yaşlı uşaqlara verilən xarici pasportun etibarlılıq müddəti 3 ildir. Dövlət rüsumu aşağıdakı kimidir:  

  • 10 iş gününə – 25 manat;
  • 5 iş gününə – 55 manat;
  • 1 iş gününə – 115 manat.

3-18 yaşlı vətəndaşlara verilən pasportun etibarlılıq müddəti 5 ildir və dövlət rüsumları belədir:

  • 10 iş gününə – 35 manat;
  • 5 iş gününə – 75 manat;
  • 1 iş gününə – 155 manat.   

 





Çap et  Çap et