Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən çıxarış (III fəsil)
AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA MƏCƏLLƏSİ
II BÖLMƏ
AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASINDAN GETMƏ
FƏSİL 3
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ ÖLKƏDƏN GETMƏSİ VƏ ÖLKƏYƏ GƏLMƏSİ
Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ
9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.
9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.
9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;
9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
9.3.6. məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.
9.4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
9.5. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
9.6. Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
9.7. Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir.
Maddə 10. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi
10.1. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir. Pasportun verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
10.2. Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ dənizçinin şəxsiyyət sənədi əsasında həyata keçirilir. Xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş dənizçinin şəxsiyyət vəsiqəsi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi (tərtib olunmuş gəmi heyətinin siyahısından çıxarış) sərhəd nəzarətindən keçərkən təqdim etməlidir. Dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
10.3. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
Maddə 11. Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası
11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
11.3. Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər.
11.4. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.
11.5. Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür.
11.6. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.
Maddə 12. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşın ölkədən getməsi qaydası
Fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının notariat qaydasında təsdiq edilmiş vəsatəti əsasında, yetkinlik yaşına çatmış digər şəxsin müşayiəti ilə gedə bilər.
Maddə 13. Xarici ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün gedən vətəndaşların konsulluqlarda uçotu
13.1. Xarici ölkəyə müvəqqəti və ya daimi yaşamaq üçün gedən vətəndaşlar Azərbaycan Respublikasının xaricdəki konsulluğunda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə uçota alınırlar. Azərbaycan Respublikası konsulluğunun olmadığı xarici ölkələrdə (yerlərdə) yaşayan vətəndaşlar yaşayış yeri barədə məlumatı elektron qaydada müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.
13.2. Vətəndaşlar xarici ölkədə yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq Azərbaycan Respublikasına qayıtdıqda, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçotdan çıxarılırlar.
Maddə 14. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan vətəndaşların hüquqlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi
Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar.